Narkotiklərə  Qarşı  Milli Təbliğat Ofisi tərəfindən “Sağlam cəmiyyətə doğru” layihəsinin icrası başa çatmışdır.

Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə  çərçivəsində nəzərdə tutulmuş sonuncu tədbirlər Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Ali Neft Məktəbində keçirilmişdir.

Tədbirlərdə çıxış edən Ofisin rəhbər müavini Leyla Yolçiyeva son vaxtlar ölkədə narkotiklərdən istifadəyə meylliliyin artdığını və bunun gənclər və  yeniyetmələr arasında daha qabarıq şəkildə özünü göstərdiyini  təəssüf hissi ilə bildirmişdir.

Onun sözlərinə əsasən son 5 ildə narkotiklərdən istifadədə yaş senzi 30-dan 17-ə düşmüş, habelə məktəb şagirdləri arasında da narkotikdən istifadə hallarına rast gəlinir. Bunu qismən də olsa aradan qaldırmaq üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düzgün, effektiv aparılması çox vacibdir.

Bununla bağlı o, hətta BMT-nin Baş Assambleyasının bu il keçiriləcək xüsusi iclasında da bu istiqamətin prioritet olacağı, əsas hədəf kimi insanların sağlamlığı və narkotikə aludə ola biləcək potensial gənclərin maarifləndirmə  yolu ilə bu bəladan xilas olunması istiqamətində dünyanın müxtəlif ölkələrini təmsil edən  nümayəndələrin iştirakı ilə  geniş müzakirələrin aparılacağını iştirakçıların diqqətinə çatdırdı.

Sonda hər iki təhsil müəssisəsinin tələbələrinin bu istiqamətdə suallarını cavablandıran Leyla Yolçiyeva narkomaniya ilə  mübarizədə gəncləri  daha fəal olmağa çağırmış, dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində maarifləndirmə  xarakterli  bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsinin və  bu yöndə ölkənin hər yerində geniş ictimai müzakirələrin təşkili ilə bağlı məsələlərin daha da gücləndirilməsinin vacibliyini bildirdi.