Bu gün – 24 iyun 2014-cü il tarixində Park Bulvar AVM-də cəmiyyətdə, xüsusən gənclər arasında narkomaniyanın yayılmasına qarşı mübarizədə ölkənin əsas ixtisaslaşmış QHT-si sayılan Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi tərəfindən Bakı Şəhər Gənclər və İdman Baş idarəsi ilə birgə Bakı məktəbliləri arasında “Mən narkomaniyanı belə görürəm” mövzusunda sərgi təşkil olunmuşdur.

26 iyun BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ərəfəsində keçirilən və narkomaniya ilə mübarizə istiqamətində aparılan maariflındirmə, təbliğat işlərinin daha da gücləndirilməsinı xidmət edən sərginin işində Dövlət Komissiyasının üzvləri, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Milli Məclisin deputatları, Rəssamlar İttifaqının mütəxəsssisləri, ölkəmizdə akkreditə olunmuş səfirliklər və beynəlxalq təşkilatlar, aparıcı gənclər təşkilatları və QHT-lər, KİV nümayəndələri iştirak edirlər.

Sərgi ilə bağlı elan olunan müsabiqənin qaydalarına əsasən məktəblilər tərəfindən təqdim olunmuş rəsm əsərlərinə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Rəssamlar İttifaqı, Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin mütəxəssisləri baxış keçirilmiş və verilən rəylər əsasında qaliblər müəəyyənləşdirilərək 3 nominasiya üzrə mükafatlandırılma prosesi həyata keçirilmişdir.

Hesab edirik ki, cəmiyyət, xüsusən də məktəblilər bu səpkidə tədbirlərin nəticəsi olaraq narkomaniyanın ziyanı haqqında xüsusi bilgilər əldə edəcək, onlar öz öz rəsmləri, şüarları vasitəsi ilə narkomaniya əleyhinə təbliğatda yaxından iştirak etmək fürsətini əldə edərək özlərini bu maarifləndirmə işinin qurulmasında lazımlı və faydalı hiss edəcəklər.

Qeyd edək ki, Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) tərəfindən cari ilin iyun ayının 26-da Avstriyanın paytaxtı Vyana şəhərində QHT-lərin Beynəlxalq Mərkəzində “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü”nə həsr olunmuş Narkotik Maddələrə Qarşı Komissiyanın 47-ci sessiyasında rəhbərlik səviyyəsində iştirak etmək dəvəti almışdır.
Əsas məqsədi narkotiklərə qarşı mübarizə sahəsində maarifləndirmə işini həyata keçirməkdən ibarət olan Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi Avropa İttifaqı və BMT İnkişaf Proqramının “Cənubi Qafqazda Narkotiklərə Nəzarət” regional yardım proqramının bazasında 2010-cu ildə yaradılmışdır.

Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə idarəsinin (UNODC) Vətəndaş Cəmiyyəti Şəbəkəsinin və Narkotiklər üzrə QHT-in Vyana Beynəlxalq Mərkəzinin üzvüdür.