Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi (İB) tərəfindən “Sağlam cəmiyyətə doğru” layihəsinin icrasına başlanılmışdır.

Üç  ay müddətində icra olunacaq layihə çərçivəsində vətəndaş cəmiyyətini proseslərə daha fəal cəlb etməklə Bakıda (Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Ali Neft Məktəbi) və regionlarda (İsmayıllı, Balakən, Quba, Masallı, Siyəzən) gənclərin narkomaniya əleyhinə maariflənməsinin gücləndirilməsi nəzərdə tutulur.

Layihənin İş Planına uyğun ilk tədbirlər İsmayıllı, Balakən və Quba rayonlarında keçirilmişdir.

Keçirilən tədbirlərdə  Rayon  İcra Hakimiyyətlərinin, aidiyyatı dövlət qurumlarının (DİN, Baş Prokurorluq, Səhiyyə və Təhsil Nazirlikləri və s.) yerli şöbələrinin bu sahəyə məsul şəxsləri, Veteranlar və Ağsaqqallar  Şurasının üzvləri, Gənclər və İdman İdarələrinin,  QHT-lər və gənclər təşkilatlarının nümayəndələri, KİV əməkdaşları iştirak etmişlər.

Hər üç tədbirdə  ölkədəki narkotik vəziyyətlə bağlı geniş təqdimatla çıxış edən Ofisin rəhbər müavini Leyla Yolçiyeva Azərbaycan Hökumətinin bu mübarizəyə böyük diqqət və marağını ifadə edərək vətəndaş cəmiyyətinin də proseslərə fəal cəlb olunmasının vacibliyini diqqətə çatdırdı.

O bu sahədə görülən işlərə, aparılan tədbirlərə baxmayaraq, hələ də istənilən nəticənin alınmamasını təəssüf hissi ilə bildirmişdir.

Onun fikrincə narkomaniyanın  təkcə dövlətin deyil, eyni zamanda bütövlükdə cəmiyyətin problemi olması proseslərə QHT-in, geniş ictimaiyyətin fəal qoşulmasını zəruri edir.

Bu baxımdan QHT-in fəaliyyəti, onların dövlət qurumları ilə əməkdaşlığı daha da gücləndirilməli, bu istiqamətdə ictimai müzakirələrin təşkilini artırmaqla aparılan maarifləndirmə, təbliğat işlərində daha müasir forma və metodlardan, qabaqcıl təcrübə və texnologiyadan istifadə olunmalıdır.

Bununla yanaşı, ölkə gənclərinin, xüsusən regionlarda bu istiqamətdə məlumatlarının, bilgilərinin az olması onlar arasında daha məsuliyyətli işlərin görülməsini labüd edir. Leyla xanımın sözlərinə görə  ictimai-tərbiyəvi əhəmiyyətli belə  tədbirlərin davamlı və ardıcıl şəkildə həyata keçirilməsi cəmiyyətdə, xüsusilə gənclər arasında narkomaniyanın yayılmasının qarşısını almaqla yanaşı, bu istiqamətdə hər bir gəncin potensialından istifadə etməklə mübarizəni daha da gücləndirəcək.

Mövzu ətrafında edilən çıxışlarda ümumbəşəri problem sayılan narkomaniya ilə mübarizədə bu gün  Hökumət-QHT əməkdaşlığının daha da inkişaf etdirilməsinin, habelə narkomaniya ilə mübarizədə maarifləndirmə, təbliğat işlərinin daha da gücləndirilməsi baxımından bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyi iştirakçılar tərəfindən xüsusi olaraq qeyd olunmuşdur.

Ofis tərəfindən bu sahədə maariflənməni daha da gücləndirəcək metodoloji vəsaitlərin (bukletlər, döş nişanları, təqvimlər, papaq və köynəklər) iştirakçılara paylanması prosesi həyata keçirilmişdir.

Sonda iştirakçıların çoxsaylı sualları cavablandırılmış və fərqlənmiş gənclərə sertifikatlar paylanmışdır.