Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri son illər gücləndirilsə də, hələ də ölkəyə qaçaqmalçılıq yolu ilə narkotik maddələrin gətirilməsi hallarına rast gəlinir. Son vaxtlar daha çox diqqət çəkən məqam isə narkobaronların narkotik maddələrin qanunsuz dövriyyəsində, daşınmasında, satışında uşaqlardan, yeniyetmələrdən eləcə də gənc qızlardan və qadınlardan istifadə etməsidir. Narkotik maddələrin satışı zamanı hüquq-mühafizə orqanları tərəfindən yaxalanan, üzərində külli-miqdarda narkotik maddə aşkarlanan, yeniyetmələrin, gənc qız və qadınların olması bu faktı bir daha təsdiqləyir. Məsələn, ötən gün Bakıda Bərdə sakini olan qadından xeyli miqdarda narkotik vasitə götürülüb. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Qaradağ rayon Polis İdarəsi 38-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bərdə rayon sakini, 1995-ci il təvəllüdlü Mehriban Hüseynovadan 3 kq-dan artıq qurudulmuş marixuana götürülüb.  Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin müdir müavini Leyla Yolçiyeva Movqe.az-a açıqlamasında son vaxtlar narkotik maddələrin qanunsuz ölkəyə gətirilməsi və satışı zamanı uşaqlardan, gənc qız və qadınlardan istifadə hallarının məqsədli olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, nrkoişbazlar əsas qadınları və qızları hədəfə alırlar. Çünki onları təsir altına salmaq daha rahat və asandır: “Nəzərə alsaq ki, onların “tilovuna” düşən qadın bir qədər də iradəsiz və ya problemlidir ona təsir etmək, bu qanunsuz əməldə istifadə etmək narkoişbazlar üçün daha rahat olur. Təssuflər olsun ki, günbəgün bu faktlar daha da artmaqdadır. Narkotik maddələrin daşınması zamanı xanımlardan istifadə etməkdə əsas məqsəd hüquq mühafizə orqanlarının kişilərə nisbətən qadınlardan daha az şübhələnməsidir. Bu da narkotik maddələrin qanunsuz yolla xanımlar tərəfindən daşınması hallarının çoxalmasını səbəb olur. Ona görə də mütəmadi olaraq cəmiyyətimizdə olan insanları, xüsusən də yeniyetmə yaşına çatmayan şəxsləri, xanımları daha da çox maarifləndirməliyik.  2014-cü ilin rəsmi statistik rəqəmlərində ölkəmizdə 28656 nəfər narkomanın qeydiyyatda olduğu görünür. Onlardan 554 nəfərini qadınlar təşkil edir. Narkotik vasitələrdən istifadə edən, qeyri-qanuni yollarla daşıyan, satan xanımların sayı isə qeyri-rəsmi statistikaya əsasən daha çoxdur. Əsasən narkotiklərdən istifadə edən xanımlarda ailədə problemlərin olması, depresiya halları, cəmiyyətdə özünü tapa bilməməsi və buna görıdə alternativ yollar axtararaq sonda narkotik istifadəçisinə çevrilməsinə gətirib çıxarır”.

Yolçiyeva deyir ki, narkoişbazlar uşaq və yeniyetmələri, eləcədə gənc qız və qadınları narkotik maddələrin daşınması və satışında alət kimi istifadə etmək üçün ilk öncə onları narkotik aludəçisinə çevirirlər: “Daha sonra isə onlardan kuryer kimi istifadə edirlər. Və bunun müqabilində həmin insanlara işlərinin qarşılığı olaraq narkotik maddələr verirlər ki, həmin insanlar da narkotiklərə olan tələbatını bu şəkildə ödəyirlər”.