Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi tərəfindən “Sağlam cəmiyyətə doğru” layihəsinin icrası davam edir.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə gerçəkləşən layihənin İcra Planına uyğun növbəti tədbirlər  Masallı və Siyəzən rayonlarında keçirilmişdir.

Tədbirlərdə rayon İcra Hakimiyyətləri və onun yanında yerli komissiyaların bu işə məsul şəxsləri,  yerli Gənclər və İdman İdarələrinin rəhbərləri, Ağsaqqallar Şurasının üzvləri, QHT-lər və gənclər təşkilatlarının nümayəndələri, KİV əməkdaşları iştirak etmişlər.

Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbər müavini Leyla Yolçiyevanın fikrincə bu gün narkomaniya ilə mübarizədə qəbul olunan Dövlət Proqramı əsas sənəd kimi rəhbər tutulsa da, nəzərdə tutulmuş tədbirlərin  əsaslanması və koordinasiyasındakı boşluqlar həyata keçirilmiş tədbirləri nəticəsiz edir. Bunun da əsas səbəbi narkomaniya probleminin qarşısının alınmasında aparılan maarifləndirmə, təbliğat işlərində Vahid Milli Konsepsiyanın olmamasıdır.

Yalnız  Vahid Milli Konsepsiyanın hazırlanması bu sahədə daha mükəmməl və kreativ yanaşmaları mümkün edə bilər.  Dövlətin əsas prioritet istiqamətlərindən biri kimi sağlam cəmiyyətin yaradılmasına zəmin yaradacaq  Konsepsiyanın hazırlanmasında aidiyatı qurumlarla yanaşı, ölkənin aparıcı QHT-nin iştirakı və ictimai müzakirələrin təşkili ilə bağlı məsələlərin daha da gücləndirilməsinin vacibliyi xüsusi vurğulanmışdır.

Onun sözlərinə görə bu gün daim yeniləşən həyatımızda yeni, müasir yanaşmanın tətbiqi çox vacibdir. Cəmiyyətin, xüsusən gənclərin narkomaniya əleyhinə maariflənməsi istiqamətində Vahid Kurrikulumun tətbiqi önə çəkilməli,  həmçinin Dövlət Komissiyasının yanında aidiyyatı dövlət və qeyri-hökumət təşkilatlarının mütəxəssislərindən ibarət İşlək qrup formalaşmalaşdırmaqla  yeni, geniş təbliğat kampaniyasını nəzərdə tutan ardıcıl, mükəmməl mexanizmin hazırlanması həyata keçirilməlidir. Kampaniya bu günə kimi təşkil olunan konfrans, seminar, yığıncaq formalarından tamamilə  fərqlənməli və virtual,  İT texnologiyalarının inkişafına köklənməlidir.

Tədbirlərdə qeyd olunan məsələnin aktuallığı barədə geniş müzakirələr aparılmış və gənclərin narkomaniya əleyhinə maariflənməsini gücləndirəcək tədbirlərin bundan sonra da keçirilməsinin vacibliyi diqqətə çatdırılmışdır.

Sonda  bir ailənin faciəsini əks etdirən video-çarxın nümayiş etdirilməsi, eyni zamanda  bu sahədə maariflənməni gücləndirəcək  metodoloji vəsaitlərin (bukletlər, kitabçalar, təqvimlər, döş nişanları və s.) paylanması iştirakçılar tərəfindən çox böyük maraqla qarşılanmışdır.