Azərbaycanda 1987-ci ildən 2015-ci ilin iyul ayının 1-dək aşkar olunan QİŞS-ə yoluxma  hallarınının  52,8%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Bu barədə Movqe.az-a məlumat Respublika QİÇS-lə Mübarizə Mərkəzindən məlumat verilib. Xəbərə görə, 2015-cü ilin 6 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 338 təşkil edib. Onlardan 328-i (97,0%) Azərbaycan vətəndaşı, 10 nəfəri (3,0%) isə əcnəbi vətəndaşlarıdır. Qeydiyyata alınmış 328 Azərbaycan vətəndaşından 224-ü (65,3%) kişi, 104-ü (34,7%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşların sayı 109 nəfər olub.  Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2015-ci ilin 6 ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 5240 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 5063 nəfəri (96,6%) Azərbaycan vətəndaşı, 177 nəfəri (3,4%) isə əcnəbilərdir, İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 3821-i (75,5%) kişi, 1242-si (24,5%) qadındır.

Göründüyü kimi, ölkədə narkotik vasitə nəticəsində eləcə də əcnəbilər tərəfindən QİÇS xəstəliyinin yayılması hallarına hələ də rast gəlinir.

Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin müdir müavini Leyla Yolçiyeva Movqe.az-a açıqlamasında bildirib ki, narkomanlar öz ətraflarını da narkotik maddə istifadəsinə cəlb edərkən çox vaxt bunu iynə ötürmə yolu ilə edirlər: “Yəni, narkoman özünün inyeksiya yolu ilə istifadə etdiyi narkotik maddədən başqasının da istifadə etməsi üçün  iynəni başqasına ötürür. Bu zaman özü QİÇS kimi dəhşətli xəstəliyə yoluxubsa iynə ötürdüyü şəxsi də bu bəlaya yoluxdurur. Narkomanlar çox vaxt narkotik vasitələrdən toplu şəkildə istifadə etdiklərindən bu xəstəlik onlar arasında çox yayılır”.

Yolçiyeva bundan əlavə narkomanların öz cinsi partnyorlarını da QİÇS-ə yoluxdurduqlarını deyir. Onun sözlərinə görə, narkomanlar arasında bu xəstəliyin daşıyıcılarının sayı kifayət qədər çox olduğundan, onlar cinsi münasibət zamanı xəstəliyi öz cinsi partnyorlarına da ötürürlər.

“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova isə deyir ki, marifləndirmə tədbirlərinə baxmayaraq hələ də, ölkədə QİÇS xəstəliyinin əcnəbilər tərəfindən yayılması halları var: “Ölkəmizə gələn əcnəbilərdə bu xəstəliyin qeydə alınması təsdiqləyir ki, onların Azərbaycanda bu xəstəliyi yayma riski böyükdür. Çünki onlar bura gələrkən burda cinsi partnyorları olur. Əcnəbilər bizimkilərlə müqayisədə cinsi partnyorlarına daha çox pul verdiklərindən, onlar əcnəbilərlə prezervativsiz cinsi əlaqəyə razılıq verirlər. Nəticədə özləri də QİÇS-ə yoluxurlar”.

Həmsöhbətimiz xaricdən gələn Azərbaycan vətəndaşlarının da bu xəstəliyi yaydığını deyir. Onun sözlərinə görə, indiyədək onların əksəriyyəti tibbi müayinə edilmədən ailə qururdular: “Nəticdə yeni ailə qurduqları qadınları da QİÇS bəlasına düçar edirdilər. İndi isə artıq tibbi müayinə məcburidir. Bununla belə ailəli şəxslə yoxlanmadan həyat yoldaşları ilə münasibətdə olurlar. Bunja səbəb kimi darıxmaq və sair gətirilir. Nəticədə isə öz həyat yoldaşlarını QİÇS-ə yoluxdurmuş olurlar. Biz marifləndirmə işlər aparsaq da, xaricə işləməyə gedənlərin çox azı ölkəyə gələndən sonra QİÇS-ə görə yoxlanıldıqdan sonra cinsi partnyorları ilə münasibətdə olur. Bu isə bu təhlükəli xəstəliyin yayılmasını sürətləndirir.