Leyla Yolçiyeva: “Ekstazi narkotik tərkibli psixoaktiv stimulyatordur və adətən qanunsuz laboratoriyalarda hazırlanır”

Azərbaycanda gənclər arasında narkotik tərkibli maddə “ekstazi” istifadə olunur. Bu maddə ölkəyə qeyri-qanuni yolla gətirilərək diskoteykalarda, barlarda satışı həyata keçirilir”.

Movqe.az-a bu  məlumatı Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin müdir müavini Leyla Yolçiyeva bildirib. L. Yolçiyeva deyib ki, ekstazi narkotik tərkibli psixoaktiv stimulyatordur və adətən qanunsuz laboratoriyalarda hazırlanır: “Əslində, “ekstazi” terminin mənası genişlənib və artıq təkcə bir maddəyə deyil, istifadəçilərə oxşar təsir göstərən bir qrup maddələrə aid olunur. Çox vaxt üzərində loqotip olan istənilən həb kimyəvi tərkibindən asılı olmadan “ekstazi” adlandırılır. Bu narkotik adətən həb şəklində yayılsa da, toz və ya kapsul şəklində də ola bilər. Həblər müxtəlif formalarda və ölçülərdə ola bilər”.

Yolçiyeva deyir ki, “ekstazi”nin müxtəlif qəbul edilmə yolları var: ” “Ekstazi”adətən udulur, amma nəfəsə çəkilə və ya iynə vasitəsilə qəbul edilə də bilir. Ekstazi istifadəçilərdə şəfqət hissini gücləndirə və ətrafındakı insanlara yaxınlıq hissi yarada bilər. O, həm də istifadəçilərin daha ünsiyyətli və enerjili olmasına səbəb ola bilər. Ekstazidən istifadənin bir çox riskləri i var Ekstazidən qısa müddət istifadə bədənin susuzlaşma, başgicəllənmə və yorğunluq kimi təhlükə siqnallarına əhəmiyyət verməməsinə səbəb ola və bədənin hərarəti tənzimləmə qabiliyyətinə müdaxilə edə bilər. Bundan başqa, ekstazi qaraciyər və böyrək kimi orqanlara ciddi zərər vura bilər. Ekstazidən istifadə qıcolma və ürək çatışmazlığına gətirib çıxara bilər. Ekstazinin yüksək dozaları narahatlıq, həyəcan və kəskin hallüsinasiyalara da səbəb ola bilər. Uzun müddət istifadə beyinin bəzi hissələrini zədələyərək, ciddi depressiya və yaddaş itirilməsi ilə nəticələnə bilər. Digər risklər “Ekstazi” adı ilə satılan həblərdə gücü və təsiri müxtəlif olan digər potensial təhlükəli maddələr də ola bilər”.

Həmsöhbətimiz deyir ki, “ekstazi”dən mütəmadı istifadə asılılıq yarada həmin insanın daha güclü narkotik maddələrdən istifadəsinə gətirib çıxarda bilər. L. Yolçiyevanın sözlərinə görə, uzun müddət “ekstazi” qəbul edən şəxslər, ondan zövq ala bilmir, kokain kimi ağır tərkibli narkotiklərdən istifadəyə başlayırlar.  Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin səlahiyyətlisi bildirir ki, bəzən  “ekstazi”ni depresiyaya düşən insanlar da istifadə edir. Amma, bu müvəqqəti olaraq insanları depresiyadan xilas edir. Sonradan daha ağır formada depresiyaya salır.