“NARKOTİKLƏRƏ VƏ CİNAYƏTKARLIĞA QARŞI MİLLİ TƏBLİĞAT”

İCTİMAİ BİRLİYİNİN NİZAMNAMƏSİ

Bakı – 2010

 

1. Ümumi müddəalar

1.1. “Narkotiklərə və Cinayətkarlığa Qarşı Milli Təbliğat” İctimai Birliyi (bundan sonra birlik) ayrı – ayrı sahələrdə mütəxəssisləri və fəal sosial təbəqələri birləşdirən elmi – ictimai birlikdir.

1.2. Birliyin əsas məramı narkotizmin bütün fəsadlarına, o cümlədən narkomaniya ilə sıx bağlı olan cinayətkarlıqla, QİÇS-lə, insan alveri, terorizm və çirkli pulların yuyulması ilə, həmçinin bütövlükdə sağlam həyat tərzi və sağlam cəmiyyət uğrunda mübarizədən ibarətdir.

1.3. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, “İctimai birliklər haqqında” Azərbaycan Respublikasının qüvvədə olan digər qanunlarına və qanunvericilik aktlarına, beynəlxalq-hüquqi normativ aktlara və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir.

 

2. Məqsəd və vəzifələri

2.1. BMT-nin Narkotik vasitələr haqqında 1961-ci il Vahid Konvensiyasının, Psixotrop maddələr haggında 1971-ci il Konvensiyasının, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında 1988-ci il Konvensiyasının, cinayətkar fəaliyyətdən əldə edilən gəlirlərin aşkar edilməsi, götürülməsi, müsadirə edilməsi və “təmizə çıxarılması” haqqında Avropa Şurasının 1990-cı il Konvensiyasının, narkotiklər üzərində nəzarətə, narkotizmlə və onunla əlaqədar hüquq pozuntularına qarşı mübarizəyə, həmçinin bütünlükdə cinayıtkarlıqla mübarizəyə dair digər beynəlxalq-hüquqi sənədlərin təbliği və icrası üzrə fəal işin, onların təkmilləşdirilməsi üzrə isə elmi-tədqiqat işlərinin təşkili; dövlətlər arası hüquqi yardım təcrübəsinin öyrənilməsi;

2.2. BMT-nin narkotiklərlə bağlı müvafiq Konvensiyalarının həyata keçirilməsinin aşağıdakı istiqamətlər üzrə monitorinqini həyata keçirmək:
* Narkotiklərlə mübarizə sahəsində profilaktik işlər, müalicə və reabelitasiya,
* AİDS/ HİV
* Mütəşəkkil cinayətkarlıq
* Terrorizmin qarşısını almaq üçün xəbərdaredici tədbirlər
* İnsan alveri və miqrasiya məsələləri
* Çirkli pulların yuyulması
* Cinayətkarlığın qarşısını almaq üçün xəbərdaredici tədbirlər
* Korrupsiya
* Piratlıq və digər cinayətlər.

2.3. Yuxarıda qeyd olunan məsələlər (maddə 2.1 və 2.2) üzrə qeyri konfedensial məlumatlarla və qabaqcıl təcrübə ilə maraqlanan yerli və xarici, dövlət və qeyri hökümət təşkilatları, fiziki və hüquqi şəxsləri məlumatlarla təmin etmək və məlumat mübadiləsi aparmaq.

– BMT-nin narkotiklərə nəzarət və narkotizmlə mübarizə sahəsində fəaliyyəti barədə zəruri məlumatların alınması, belə məlumatların MDB ölkələri, o cümlədən Azərbaycan ərazisində olan dövlət təşkilatları, qeyri-hökumət ictimai təşkilatları, həmçinin əhali arasında yayılması işinin təşkili. Müxtəlif ölkələrdən olan narkotizmə qarşı mübarizə üzrə dövlətlərarası, qeyri-hökumət ictimai təşkilatları və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əlaqələrin qurulması və əməkdaşlığın genişləndirilməsi;

2.4. Yuxarıda qeyd olunan istiqamətlərdə (maddə 2.1 və 2.2) aidiyyatlı yerli və xarici, dövlət və qeyri hökumət təşkilatlarına fəaliyyətlərinə və yaranmış vəziyyətin qiymətləndirilməsində dəstək.

2.5. Narkotiklərin qanunsuz dövriyyəsinə, habelə narkosituasiyaya nəzarətin səmərəliliyinin müntəzəm təhlili;
– narkotizmin qarşısının alinması, profilaktikası və kökünün kəsilməsi probleminin tədqiqi, bunun əsasında real nəticələr əldə etmək üçün konkret planın, praktiki tövsiyyələrin işlənib hazırlanması;
– narkotizmə, eləcə də alkoqoldan asılılığa, QİÇS-ə, mütəşəkkil və transmilli cinayətkarlığa qarşı mübarizə sahəsində perspektivli elmi-nəzəri və elmi-təcrübi tədqiqatların aparılması və stimullaşdırılması;
– narkotiklərin istehlakı, yayılması, müalicə və profilaktika problemləri üzrə beynəlxalq, regional və respublika səviyyəsində tədqiqat proqramlarının hazırlanıb həyata keçirilməsi;
– respondentlərin sorğusu və anketləşdirilməsinin aparılması; sosial monitorinqin təşkili;
– ictimaiyyətin elmi-analitik tədqiqatlarının nəticələri ilə məlumatlandırılması;
– müvafiq məlumat bankının və məlumat şəbəkəsinin yaradılması.

2.6. Narkomaniya ilə xəstələnmiş şəxslərin müayinəsi, müalicəsi (müvafiq lisenziya əsasında), reabilitasiya və resosializasiya işinin təşkili və həyata keçirilməsi;

2.7. Təcrübəli mütəxəssislərin və təşkilatların fəaliyyətə cəlb olunması və əməkdaşlıq sahəsində yüksək peşəkarlıq səviyyəsni təmin etmək. Narkotizmə, alkoqoldan asılılığa, GİÇS-ə mütəşəkkil və beynəlxalq cinayətkarlığa qarşı mübarizə sahəsində elmi kadrların hazırlığının və ixtisas artırmanın həyata keçirilməsi, mütəxəssis mübadiləsinin təşkili;
– sahəvi idarə və təşkilatlara elmi-metodik köməklik göstərilməsi, zəruri hallarda onların elmi işlərin yerinə yetirilməsinə cəlb edilməsi;
– beynəlxalq və elmi seminarların, elmi-praktiki konfrans və simpoziumların keçirilməsi;
– istehlak bazarında təbii və sintetik mənşəli yeni növ narkotiklərin meydana çıxmasının səbəb və şəraitinin təhlili; onların yayılmasının sosial mühitinin öyrənilməsi;

2.8. Gənclər və yeniyetmələr arasında narkotik əleyhinə kütləvi informasiya vasitələrinin təbliğat imkanlarından tam ölçüdə istifadə edilməsi, hüquq ədəbiyyatının, buklet, kitabça, plakat, kino və videomaterialların, müasir elekron-informasiya texnologiyalarının hazırlanması və yayılması.

2.9. Ayrilmış vəsaitlər və qrant vəsaitləri üzrə saziş və müqavilə şərtlərinə uyğun vəzifə və öhdəlikləri yerinə yetirmək.

 

3. Birliyin hüquqları

3.1. Birliyin məqsəd və vəzifələrindən irəli gələn aşağıdakı hüquqları vardır;
– öz fəaliyyəti üçün zəruri olan binalara, sahələrə, qurğulara, nəqliyyata, kommunikasya vasitələrinə, maliyyə vəsaitlərinə, səhmlərə, qiymətli kağızlara və digər əmlaka sahib olmaq, sərəncam vermək hüququnu həyata keçirmək;
– öz adından saziş, müqavilə və digər hüquqi xarakterli sənədlər imzalamaq, əmlak və qeyri-əmlak xarakterli hüquqlar əldə etmək;
– qanunvericiliyə müvafiq surətdə digər dövlətlərin ərazilərində fəaliyyətini təşkil etmək, nümayəndəliklər, filiallar, bürolar yaratmaq, müəssisə, səhmdar cəmiyyəti və təsərrüfatın digər formalarını təşkil etmək;
– proqramlar, planlar, layihələr və qanunda nəzərdə tutulmuş digər fəaliyyət formalarını işləyib hazırlamaq və həyata keçirmək;
– məhkəmədə iddiaçı və cavabdeh kimi çıxış etmək;
– hüquqi şəxsin digər hüquq və vəzifələrini həyata keçirmək.

 

4. Birliyin əmlakı və vəsaiti

4.1. Birliyin əmlakı inkişaf, həvəsləndirmə, əmək haqqı, ehtiyat, dövriyyə vəsaiti və xeyriyyə fondlarından, habelə fəaliyyətinin maddi-texniki və maliyyə təminatı üçün zəruri olan müstəqil balansdakı pul və digər qiymətli əşya və vəsaitlərdən ibarətdir.

4.2. Birliyin əmlakı və vəsaitinin yaranma mənbəyi aşağıdakılardır;
– Üzvlər tərəfindən verilmiş maddi vəsaitlər və payları;
– Üzvlük haqqları;
– Hüquqi və fiziki şəxslərin donor və sponsor yardımı;
– Birliyin təsis etdiyi hüquqi şəxslərin təsərrüfat-istehsalat fəaliyyətindən əldə etdiyi gəlirdən ayırmalar;
– Bank kreditləri;
– Investisiyalar;
– Qrantlar;
– Xeyriyyə tədbirlərindən yığılan vəsait, hüquqi və fiziki şəxslərin xeyriyyə ianələri;
– Hüquqi və tibbi ədəbiyyatın, foto, kino, audio-video məhsulların, poliqrafiya, nəşriyyat, reklam, təbliğat-təşviqat və digər yaradıcılıq məhsulları və ədəbiyyatının realizəsindən əldə olunan vəsait;
– Birliyin hər hansı növ əmlakının özgəninkiləşdirilməsinin həyata keçirilməsindən əldə olunan vəsait;
– Qanunla qadağan olunmayan digər mədaxil;

 

5. Birliyin məsulliyyəti

5.1. Birliyin məsuliyyəti ona məxsus olan əmlakla məhdudlaşır.

5.2. Birliyin öhdəliklərinə görə dövlət və onun orqanları, eləcə də dövlət və onun orqanlarının öhdəliklərinə görə birlik məsuliyyət daşımır.

5.3. Dövlət Birliyin qanuni mənafelərinin qorunmasını təmin edir və onun Nizamnamə məqsədlərinin həlli üçün şərait yaradılmasına təminat verir.

 

6. Birliyin idarə olunması

6.1. Birliyin ali orqanı Direktorluğun ildə bir dəfədən az olmayaraq çağırdığı birliyin üzvlərinin Konfransıdır (bundan sonra Konfrans adlanacaq).

6.2. Konfrans nümayəndələrin 2/3 –si iştirak etdikdə səlahiyyətlidir.

6.3. Konfrans:
– Nizamnaməni qəbul və təsdiq, ona əlavə və dəyişikliklər edir;
– Birliyinelmi Şurası haqqında Əsasnaməni təsdiq edir, ona əlavə və dəyişikliklər edir;
– Birliyin müəssisələrini və digər strukturlarını yaradır, ləğv edir və fəaliyyətini əlaqələndirir, iş üzrə hesabatlarını, həmçinin illik hesabatlarını təsdiq edir;
– Auditor yoxlamalarının rəy və hesabatını, gəlir və xərclər üzrə maliyyə hesabatını nəzərdən keçirir və təsdiq edir;
– Birliyin rəhbərini, onun müavinlərini, müşavirlərini və elmi katibi 3 il müddətinə seçir;
– Birliyin mətbuat orqanının baş redaktorunu seçir;
– Rəhbərin, rəhbərin müavinlərinin və zərurət yaranarsa ofisin digər orqanlarının və vəzifəli şəxslərinin hesabatlarını dinləyib müzakirə edir;
– Birliyin ləğvi, yenidən təşkili məsələləri üzrə qərar qəbul edir, ləğvetmə komissiyasını və onun tərkibini müəyyənləşdirir, ləğvetmə balansını təsdiq edir.

6.4. Konfranslar arası dövrdə Birliyin fəliyyətinə əməli rəhbərliyi rəhbər və onun müavinləri, elmi fəaliyyətə rəhbərliyi isə Birliyin Elmi Şurası həyata keçirir.

6.5. İdarə heyəti ofisə rəhbərlik edən rəhbərindən, onun müavinlərindən, müşavirlərdən və birliyin Elmi Şurasına sədrlik edən elmi katibdən ibarətdir.

6.6. Idarə heyətinin səlahiyyətinə aşağıdakılar daxildir:
– Birliyə yeni üzvlər qəbul edir və Birlikdən çıxmağı qərara almış üzvlər haqqında qərar qəbul edir;
– Birliyin fəaliyyətinin strateji istiqamətlərini fəaliyyətinin konkret forma və metodlarını müəyyənləşdirir;
– Növbəti və ya növbədənkənar Konfransı çağırır;
– qəbul olunmuş proqram və layihələri həyata keçirir;
– Yerli və xaricdə açılmış filialların, nümayəndəliklərin, bölmələrin və digər struktur vahidlərinin fəaliyyətini əlaqələndirir və işini təşkil edir;
– Birliyin və onun təsis etdiyi təşkilatların struktur vahidlərini müəyyən və təsdiq edir; onların hesabatlarını dinləyib müzakirə edir;
– Konfransa nümayəndələrin seçilməsi qaydasını və nümayəndəlik normasını müəyyən edir;
– İdarə Heyətinin üzvlərinin işinin hesabatını müzakirə edir;
– Üzvlük haqqı barədə məsələyə baxır.

6.7. Konfrans öz qərarı ilə səlahiyyətlərinin bir hissəsini İdarə Heyətinə həvalə edə bilər.

6.8. Birliyin rəhbəri:
– Gündəlik iş fəaliyyətinə rəhbərliyi təmin edir;
– Birliyin adından onun bütün hüquq və vəzifələrini həyata keçirir, müqavilə və sazişləri, maliyyə sənədlərini və hesabatları imzalayır, dövlət və içtimai təşkilatlarda birliyi təmsil edir, Konfrans qarşısında məsuliyyət daşıyır, Birliyin qərarlarının icrasına nəzarət edir, birliyin Nizamnaməsinin layihəsini hazırlayaraq Konfransın təsdiqinə təqdim edir.

6.9. Rəhbərin səlahiyyətlərinə həmçinin aşağıdakılar daxildir:
– Birliyin qarşısında duran məsələləri, işlənib hazırlanmış proqram və layihələrin həyata keçirilməsini təşkil etmək;
– Nizamnaməyə edilən dəyişiklikəri, həmçinin Konfrans səlahiyyətinə aid olan və ya həmin səviyyədə həll edilməli digər məsələləri Konfransda baxılmaq üçün təqdim etmək;
– Bu Nizamnamənin III, İV və V fəsillərindən irəli gələn və ofis üzvlərinin tapşırığı ilə daha tez, auditor yoxlanmasını təmin etmək, auditin nəticələrini Konfransa təqdim etmək.

6.10. Birliyin elmi Şurası

– Birliyin Elmi Şurası mərkəzin elmi potensialını cəmləşdirən müxtəlif sahələrdə çalışan peşəkarlardan ibarət elmi-məşvərət və praktiki qurumdur.
– Birliyin Elmi Şurasına sədrlik edən elmi katib Birliyin İdarə Heyətinin üzvüdür.
– Birliyin Elmi Şurası öz fəaliyyətini daxili əsasnaməsinə uyğun təşkil edir və tənzimləyir.

 

7. Birliyə üzvlük
Üzvlərin hüquq və vəzifələri

7.1. Birli Nizamnaməsini qəbul edən, onun məqsəd və vəzifələri ilə həmrəy olan, üzvlük haqqı ödəyən, Birliyin işində iştirak edən fiziki şəxslər, müvafiq olarag Birliyin fərdi və kollektiv üzvləri ola bilərlər.

7.2. Birliyin üzvü eyni zamanda, fəaliyyəti Birliyin məqsəd və vəzifələrinə zidd olmayan başqa bir təşkilatın üzvü ola bilər.

7.3. Birliyin üzvü:
– Birliyin qarşısında duran vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar məsələlərin müzakirəsində və həllində bilavasitə iştirak etmək;
– Birliyin işı üzrə istənilən təklif və tövsiyyə irəli sürmək;
– Birliyin hər hansı seçkili organına seçmək və seçilmək;
– Onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, izahat vermək, etirazını bildirmək hüququna malikdir.

7.4. Birliyin üzvü:
– Birliyin fəaliyyətində fəal iştirak etməklə Nizamnamənin tələblərini yerinə yetirməyə;
– Üzvlük haqqını vaxtında ödəməyə;
– Birliyin məqsəd və vəzifələrini təbliğ etməyə;
– Birliyin idarəçilik orqanlarının qərarlarını icra etməyə borcludur.

7.5. Birliyin üzvü yalnız birliyin Konfransı və rəhbərliyi səlahiyyət verdikdə Birliyi təmsil edə və onun adından bəyanatla çıxış edə bilər.

7.6. Birliyin üzvlüyünə qəbul edilmək, üzvlükdən çıxmaq məsələsini rəhbərlik həll edir.

7.7. Öhdəliklərini mütəmadi olaraq yerinə yetirməyən və Nizamnamənin müddəalarını pozan birliyin üzvü rəhbərliyin qərarı ilə üzvlükdən xaric edilə bilər.

7.8. Birliyin üzvlüyünə aşağıdakı hallarda xitam verilir:
– Birlik ləğv edildikdə;
– Könüllü olaraq birliyin üzvlüyündən çıxdıqda;
– Birliyin üzvlüyündən çıxarıldıqda.

 

8. Birliyin beynəlxalq əlaqələri

8.1. Birlik beynəlxalq qeyri-hökumət təşkilatı kimi beynəlxalq ictimai birliklərə daxil ola, birbaşa beynəlxalq ünsiyyət və əlaqə saxlaya, müvafiq sazişlər bağlaya bilər.

 

9. Birliyin ləğvi

9.1. Birliyin fəaliyyəti konkret dövrlə məhdudlaşmır və ancaq ləğvetmə, yaxud birləşmə nəticəsində dayandırıla bilər.

9.2. Birliyin ləğvi Konfransın qərarı, yaxud məhkəmə qərarı əsasında həyata keçirilir.

9.3. Ləğvlə əlaqədar Konfrans tərəfindən ləğvetmə balansı tərtib edən və konfransın təsdiqinə verən ləğvetmə komissiyası təyin olunur.

9.4. Birliyin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin reyestrindən çıxarılması barədə qərar qəbul edilməsilə ləğvetmə başa çatmış və birliyin fəaliyyətinə xitam verimiş hesab olunur.