Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi (İctimai Birlik) Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının «Cənubi Qafqazda Narkotiklərə Nazarət»(CQNN) Reqional Yardım Proqramının bazasında 2010-cu ildə yaradılmışdır.
Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) Vətəndaş Cəmiyyəti Şəbəkəsinin və Narkotiklər üzrə QHT-in Vyana Beynəlxalq Mərkəzinin üzvüdür.
Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin əsas məqsədi narkotiklərə qarşı mübarizə sahəsində maarifləndirmə işini həyata keçirməkdən ibarətdir. İctimai Birliк öz məqsədinə çatmaq üçün narkotiklərə qarşı mübarizəyə dair beynəlxalq hüquqi sənədləri təbliğ etmək, bu sahədə fəaliyyət göstərən QHT-lərlə əməkdaşlığı inkişaf etdirmək, informasiya və təcrübə mübadiləsini həyata keçirmək, bununla yanaşı, həmçinin QİÇS-lə mübarizə,insan alveri, terrorizm, çirkli pulların yuyulmasına qarşı mübarizə sahələrində də cəmiyyətimizin maarifləndirilməsi, sağlam həyat tərzinin təbliği və sağlam cəmiyyət uğrunda mübarizə də Ofisin ali məqsədlərindən sayılır.
Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi öz vəzifələrini həyata keçirmək üçün müxtəlif təlimlər, dəyirmi masa və görüşlər, konfranslar, sərgilər təşkil edir, xeyriyyə marafonları və digər mədəni-kütləvi tədbirlər həyata keçirir, qanunvericiliyə müvafiq qaydada mətbu nəşrlər təsis edir, həmçinin Respublikanın aidiyyatı dövlət, bələdiyyə orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
Ofis ölkəmizdə akkreditə olunmuş səfirliklər, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edərək Azərbaycanda bu sahədə görülmüş işlərlə bağlı məlumatların beynəlxalq hesabatlarda yer alması istiqamətində çox böyük fəaliyyət göstərir.
Bundan başqa, Azərbaycan Hökumətinin bu sahədə apardığı siyasətə kömək olaraq Ofis tərəfindən BMT-nin yeni Vahid Konvensiyasının (General Convention) işlənib hazırlanması ilə bağlı təşəbbüs irəli sürülmüşdür.
Azərbaycanda yeganə ixtisaslaşmış QHT olaraq son 3 ildə ardıcıl şəkildə tərəfimizdən ölkədə bu sahədə görülən işlərə beynəlxalq ictimaiyyətin, beynəlxalq maliyyə institutlarının, habelə inkişaf etmiş dövlətlərin yerli hökumət və QHT-nin diqqətini cəlb etmək, beynəlxalq hesabatların hazırlanmasında ölkəmizə qarşı obyektiv yanaşmanı təmin etmək məqsədi ilə Milli Hesabat hazırlanır.
Ofis Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə “Narkotiklərsiz sağlam həyata qlobal yanaşma”, Gənclər və İdman Nazirliyi ilə birgə “Narkomanlıqla mübarizədə gənclərin rolu” mövzularında konfranslar keçirmişdir.
Ofisin analitik ekspert qrupu tərəfindən Dağlıq Qarabağda narkotiklərlə bağlı vəziyyəti əks etdirən “Dağlıq Qarabağda narkotrafika” adlı xüsusi kitabça hazırlamışdır.
Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Bakı, Sumqayıt və Azərbaycanın müxtəlif bölgələrində “Sağlam cəmiyyətə doğru!” layihəsini icra etmişdir.