Rumıniya Xarici İşlər Nazirliyinin rəsmi dəvətinə əsasən Narkotiklərə Qarşı Milli Təbliğat Ofisininrəhbəri M. Əfəndiyevin  paytaxt Buxarestə iki günlük səfəri çərçivəsində Rumıniya- Azərbaycan QHT-ləri arasında əməkdaşlığın gücləndirilməsi, habelə narkotiklərin qeyri-qanuni dövriyyəsi, narkotizmlə mübarizə sayəsində birgə layihələrin həyata keçirilməsi əsas prioritet istiqamətlərdən olmuşdur.

Səfər çərçivəsində onun Rumıniya Narkotiklərə Qarşı Dövlət Agentliyinin rəhbəri, general Soren Opera, Xarici İşlər Nazirliyinin idarə rəisi Qabriel Maritsa, bu sahədə ixtisaslaşmış beynəlxalq QHT olan “SİNE İRA”-nın fəxri rəhbəri, briqada generalı Mİrcea Chirila və icraçı direktor, general Don Bunea ilə bir sıra vacib görüşləri keçirilmişdir.

Görüşlər zamanı qloballaşan dünyamızda mövcud tendensiyalara uyğun aparıcı beynəlxalq təşkilatların, xüsusən BMT-nin narkotiklərlə bağlı siyasətində yeniləşmənin olmasının vacibliyi və narkotiklərin yayılmasının qarşısının alınmasında yeni Umumi Konvensiyanın (General Convention) hazırlanması istiqamətində fəaliyyətə başlamasının zəruriliyi ilə bağlı Məzahir Əfəndiyevin səsləndirdiyi fikirlərə Rumıniya rəsmiləri tərəfindən dəstək verilmiş və Azərbaycanın bu istiqamətdə təşəbbüsü çox yüksək qiymətləndirilmişdir.

Digər tərəfdən Əfqanıstanda istehsal olunan Opium və Heroinin Cənubi Qafqaz üzərindən Avropa və Rusiyaya çatdırılmasının qarşısının alınmasında Azərbaycanın bir ölkə olaraq mühüm rol oynaması, həmçinin işğal olunmuş və nəzarətsiz elan olunan Dağlıq Qarabağ ərazisində qeyri-qanuni yetişdirilən, sonradan yaxın qonşu ölkələrə- Rusiya, Gürcüstan, Azərbaycan, Türkiyə və İrana bioloji terror məqsədi ilə çatdırılan narkotik maddələrin insanların sağlamlığına, dövlətlərin təhlükəsizliyinə zərər vurması ilə bağlı məsələlər də geniş müzakirə predmeti olmuşdur.

Rumıniya dövlətinin narkotiklərlə bağlı sahəsinə cavabdeh rəsmi şəxsləri Dağlıq Qarabağ ərazisində narkotiklərə dair qanunsuz fəaliyyətin qarşısını almaq üçün  dünya birliyi tərəfindən xüsusi monitorinqlərin keçirilməsinin vacibliyini vurğulamış və bu işdə birgə tədbirlər keçirməklə Rumıniyanın Azərbaycana hər cür  dəstək verəcəyini bildirmişlər.

Daha sonra Rumıniyanın bu sahədə ixtisaslaşmış QHT-si “SİNE İRA”-nın ofisində keçirilən görüşlərdə zərərin azaldılması istiqamətində Rumıniya təcrübəsinin öyrənilməsi, reabilitasiya və yeni müalicə metodlarını əks etdirən Qanun layihəsinin hazırlanması və eləcə də narkotikdən əziyyət çəkən şəxslərin reabilitasiyası və müalicəsi istiqamətində də geniş fikir mübadiləsi aparıldı və qərara alındı ki, cari ilin sonuna qədər hər iki tərəfin səyi ilə bu sahədə konkret layihələr hazırlansın və Rumınya-Azərbaycan hökumətlərinə gələcəkdə  birgə icra olunması üçün təqdim olunsun.

Ümumilikdə,  Məzahir  Əfəndiyevin Rumıniyaya səfəri Azərbaycan QHT-lərinin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi kontekstində çox yüksək qiymətləndirilmış və hesab olunmuşdur ki, məhz QHT-lərin hökumət strukturları ilə birgə, koordinə olunmuş fəaliyyəti nəticəsində narkotiklərin qeyri-qanuni dövriyyəsinin, narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində ciddi nailiyyətlər əldə oluna bilər.